Avstriya hökuməti Etienne Berchtoldu Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfir təyin edib.
Bu barədə Avstriyanın Bakıdakı səfirliyi məlumat yayıb. Bildirilib ki, yeni səfir diplomatik fəaliyyətinə 2026-cı ilin avqust ayının sonunda başlayacaq.
Etienne Berchtold bu təyinatadək Avstriyanın Birləşmiş Ərəb Əmirliklərində səfiri vəzifəsində çalışıb. O, həmin posta 2022-ci ilin avqustunda təyin edilmişdi.
Diplomatik fəaliyyətindən əvvəl Berchtold Avstriya Federal Kanslerliyində xarici və Avropa siyasəti üzrə mətbuat katibi vəzifəsini icra edib. O, bu vəzifədə ölkənin keçmiş kanslerləri Karl Nehammer, Aleksandr Şallenberq və Sebastian Kurts ilə işləyib.
Hüquq təhsili alan Etienne Berchtold uzun illər Avstriyanın xarici siyasət və diplomatik xidmət sistemində müxtəlif məsul vəzifələrdə fəaliyyət göstərib. Onun Azərbaycandakı diplomatik missiyasının iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişafına töhfə verəcəyi gözlənilir.