İsrail Müdafiə Qüvvələri (SAXAL) və Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) Qəzza şəhəri ərazisində HƏMAS-ın Qəzza briqadasının əməliyyat şöbəsinin rəhbəri Adam İbrahim Şaaban Nasmanı zərərsizləşdirib.
SAXAL-ın yaydığı məlumata görə, Nasman 2023-cü il oktyabrın 7-də həmin briqadanın silahlılarının İsrailin cənubuna sızmasına rəhbərlik edib. Bildirilir ki, o, daha sonra çoxsaylı girovun əsir saxlanılmasında da iştirak edib.
Məlumatda qeyd olunur ki, Nasman son illərdə HƏMAS-ın elit “Nuhba” bölməsinin batalyonuna rəhbərlik edib və təşkilatda müxtəlif yüksək vəzifələr tutub.
Bundan əlavə, son aylarda o, Qəzza briqadasının silahlılarına təlim keçib, həmçinin briqadanın batalyonları arasında silah istehsalı və paylanmasının təşkilinə töhfə verib.
SAXAL-ın bəyanatında vurğulanır ki, bu fəaliyyətlər HƏMAS-ın hərbi potensialının bərpasına yönəlib və atəşkəs razılaşmasının pozulması hesab olunur.
