Demokratik Konqo Respublikası (DRK) İsraildəki səfirliyini Təl-Əvivdən Yerusəlimə köçürmək niyyətindədir.
Jnews.az xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar və DR Konqonun xarici işlər naziri Terez Kayikvamba Vaqner sentyabrın 3-də görüş keçiriblər. Görüşdə DR Konqonun səfirliyinin Təl-Əvivdən Yerusəlimə köçürülməsi ilə bağlı plan müzakirə olunub.
Tərəflərin yaydığı məlumatlara görə, iki ölkə səfirliyin köçürülməsi və İsrailin Kinşasada səfirlik açması ilə bağlı məsləhətləşmələri davam etdirəcək. Bu qərar sentyabrın 1-də DR Konqo Prezidenti Feliks-Antuan Çisekedi ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında Yerusəlimdə keçirilən görüşdən sonra açıqlanan birgə bəyanatda da əksini tapıb.
Səfirliyin köçürülməsi reallaşarsa, DR Konqo Yerusəlimdə səfirlik fəaliyyətinə başlayacaq 11-ci ölkə olacaq. Hazırda iki ölkə qərarın icrası ilə bağlı konkret mexanizmləri və vaxt çərçivəsini müəyyənləşdirmək üçün danışıqları davam etdirir.
İsrail Xarici İşlər Nazirliyi xarici ölkələrin səfirliklərinin Yerusəlimə köçürülməsini əsas xarici siyasət prioritetlərindən biri hesab edir.
Qeyd edək ki, DR Konqo və İsrail arasında münasibətlərin inkişafı son aylarda sürətlənib. İki ölkə arasında diplomatik əməkdaşlıq, kənd təsərrüfatı, səhiyyə, texnologiya və digər sahələrdə əlaqələrin genişləndirilməsi müzakirə olunur.
