İsraillə aparılan danışıqlar fonunda Livan hökuməti ilə “Hizbullah” arasında bütün təmasların dayandığı bildirilir. Eyni zamanda, Livan ordusu ölkənin cənubunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində hazırlıqlara başlayıb.
“Nidaa Al-Watan” qəzetinin yaydığı məlumata görə, Livan Silahlı Qüvvələri İsraillə əldə olunan çərçivə razılaşmasına uyğun olaraq cənub bölgələrində hərbi qüvvələrin yerləşdirilməsi üçün logistika planı hazırlayır. Mənbələrin sözlərinə görə, planın tam icrası bir neçə həftə çəkə bilər. Bununla belə, prosesin ləng getməsi danışıqların dayanması və ya dalana dirənməsi kimi qiymətləndirilmir.
Nəşr bildirir ki, İsraillə danışıqların başlanmasından bəri Livan hökuməti ilə “Hizbullah” rəhbərliyi arasında heç bir rəsmi və ya qeyri-rəsmi əlaqə baş tutmayıb. Buna səbəb təşkilatın Livan Prezidenti Cozef Aunu sərt tənqid etməsi və onu dövlətə xəyanətdə ittiham etməsidir. Bu isə tərəflər arasında dialoqu faktiki olaraq iflic edib.
Hazırkı mərhələdə parlamentin sədri Nəbih Berrinin də vasitəçilik rolunu effektiv şəkildə yerinə yetirə bilmədiyi deyilir. Bildirilir ki, “Hizbullah”ın əsas siyasi qərarları Tehranda qəbul olunur və bu səbəbdən təşkilatın mövqeyində yaxın vaxtlarda ciddi dəyişiklik gözlənilmir.
Müşahidəçilərin fikrincə, Livanın cənubunda ordunun mövqelərinin gücləndirilməsi və “Hizbullah”la hökumət arasında dialoqun dayanması bölgədə təhlükəsizlik və siyasi vəziyyətə birbaşa təsir göstərə biləcək mühüm inkişaflardan hesab olunur.