ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında münaqişənin həllinə yönəlmiş çərçivə sazişi hazırlanıb.
Sazişin tam mətni “Axios” nəşri tərəfindən yayımlanıb.
Sənədə əsasən, Livan öz ərazisində tam dövlət nəzarətini bərpa etməyi, bütün qeyri-dövlət silahlı qruplaşmalarını tərksilah etməyi və silahlı qüvvədən istifadə hüququnun yalnız dövlətə məxsus olmasını təmin etməyi öhdəsinə götürüb. Bu çərçivədə “Hizbullah”ın hərbi infrastrukturu və silahlı potensialının da ləğv edilməsi nəzərdə tutulur.
Bunun müqabilində İsrail razılaşdırılmış təhlükəsizlik tədbirlərinin həyata keçirilməsindən sonra qoşunlarını mərhələli şəkildə Livan ərazisindən çıxarmağa razılıq verib.
Layihə ABŞ-ın dəstəyi ilə birgə koordinasiya mexanizminin yaradılmasını, Livanın bərpasına yönəlmiş beynəlxalq proqramın işə salınmasını və Vaşinqtonun maliyyə yardımının təhlükəsizlik öhdəliklərinin yerinə yetirilməsi ilə əlaqələndirilməsini də ehtiva edir.
Tərəflər birbaşa dialoq kanalları açmaq, yekun sülh sazişinin hazırlanması üçün işçi qrupları yaratmaq və münasibətlərin normallaşdırılması istiqamətində addımlar atmaq niyyətində olduqlarını bəyan ediblər.
Saziş mətnində İsrail və Livan bir-birinin sülh şəraitində mövcud olmaq hüququnu tanıdıqlarını vurğulayaraq, onilliklərdir davam edən qarşıdurmaya rəsmi şəkildə son qoymaq niyyətlərini ifadə ediblər.
Sənədin yekun hissəsində hər iki ölkə danışıqlar prosesində göstərdiyi vasitəçilik roluna görə ABŞ administrasiyasına və Prezident Donald Trampa təşəkkürünü bildirib.
Məlumata görə, tərəflər ABŞ-ın vasitəçiliyi ilə ərazilərin təhvil verilməsinə dair pilot layihəni də müzakirə edirlər.