İranın qərbində, İraq sərhədi yaxınlığında yerləşən Kirmanşah əyalətinin Pave şəhərində İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) əməkdaşlarına qarşı silahlı hücum həyata keçirilib.
İran dövlət mediasının yaydığı məlumata görə, naməlum silahlılar yaşayış evinin qarşısında SEPAH üzvlərinə atəş açıblar. Hücum nəticəsində SEPAH-ın iki əməkdaşı həlak olub, daha iki nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.
SEPAH hadisəni “terror aktı” adlandıraraq, hücumun təşkilatçılarının müəyyən edilərək saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat-axtarış tədbirlərinin davam etdiyini açıqlayıb.
Bu arada, “Xore Heva” (“Ümid Günəşi”) adlı az tanınan silahlı qruplaşma hücumun məsuliyyətini üzərinə götürdüyünü bəyan edib. Qrup yaydığı açıqlamada əməliyyatın 2022-ci ildə Məhsa Əmininin ölümündən sonra baş verən etiraz aksiyalarına qarşı təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsinə cavab olaraq həyata keçirildiyini iddia edib. İran rəsmiləri isə bu iddianı hələlik şərh etməyiblər.
Hadisə İranın kürdlərin kompakt yaşadığı Kirmanşah bölgəsində təhlükəsizlik vəziyyətinin yenidən gərginləşdiyini göstərən son insidentlərdən biri kimi qiymətləndirilir.