Portuqaliyanın Portu şəhərində sakinlər üçün ictimai nəqliyyatdan pulsuz istifadə imkanı yaradılıb. Yeni proqram çərçivəsində bələdiyyənin “Porto” kartına sahib olan şəhər sakinləri metro, şəhər və şəhərətrafı avtobuslar, şəhərətrafı qatarlar, eləcə də “Guindais” funikulyorundan ödənişsiz istifadə edə biləcəklər.
Şəhər rəhbərliyi bildirib ki, təşəbbüsün məqsədi sakinləri şəxsi avtomobillərdən imtina edərək ictimai nəqliyyata üstünlük verməyə təşviq etmək, yol hərəkətində sıxlığı azaltmaq və ekoloji vəziyyəti yaxşılaşdırmaqdır.
Layihənin gələcəkdə Portu ilə Vila-Nova-di-Qaya arasında fəaliyyət göstərən çay nəqliyyatını da əhatə etməsi planlaşdırılır. Bununla yanaşı, şəhər hakimiyyəti ictimai nəqliyyat infrastrukturunun inkişafına, o cümlədən ictimai nəqliyyat üçün ayrılmış xüsusi hərəkət zolaqlarının genişləndirilməsinə investisiyaların davam etdiriləcəyini açıqlayıb.
Qərar bəzi qonşu bələdiyyələr tərəfindən birmənalı qarşılanmayıb. Onlar hesab edirlər ki, proqram yalnız Portu sakinlərinə şamil olunduğundan, hər gün iş, təhsil və digər məqsədlərlə şəhərə gələn insanların maraqlarını nəzərə almır.