İyunun 23-də Azərbaycan Prezidenti İlham Əliyev və türkmənistanlı həmkarı Sərdar Berdiməhəmmədov Şuşada inşa olunan yeni məsciddəki tikinti işlərinin vəziyyəti ilə maraqlanıblar.
Dövlət başçılarına layihənin gedişatı barədə məlumatı Prezidentin köməkçisi Anar Ələkbərov təqdim edib. Qeyd olunub ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub və bu ibadət ocağı tarixi şəhərin yeni, müasir simvoluna çevrilməkdədir.
Məscid kompleksi Zəfər Gününü simvolizə edən 8 rəqəmi formasında tikilir. Kompleksə əsas bina, inzibati binalar, eləcə də kişi və qadınlar üçün dəstəmazxanalar daxildir. Hər birinin hündürlüyü 73 metr olan iki minarə isə Şuşanın ilin 11-ci ayında azad edilməsinin rəmzi olaraq 11 rəqəmini əks etdirəcək.
İbadət ocağının xarici divarları Şuşanın tarixi məscidlərinin minarələrindəki həndəsi naxışlarla bəzədiləcək. Layihənin tikintisi “Paşa Holdinq” şirkətlər qrupunun dəstəyi ilə həyata keçirilir.
Bu yeni məscid işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin əhəmiyyətli bir hissəsidir. O, həm Qarabağın dirçəlişini, həm də xalqın milli-mənəvi dəyərlərinə sadiqliyini nümayiş etdirir.


