Azərbaycanın innovasiya ekosistemini təmsil edən nümayəndə heyəti İsrailə həyata keçirdiyi işgüzar səfəri uğurla başa vurub. Səfər innovasiya, texnologiya, sahibkarlıq, kənd təsərrüfatı, səhiyyə və dayanıqlı inkişaf istiqamətlərində Azərbaycan-İsrail əməkdaşlığının genişləndirilməsinə xidmət edib.
Proqram çərçivəsində nümayəndə heyəti İsrailin aparıcı innovasiya və tədqiqat mərkəzlərinə, o cümlədən ALYN İnnovasiya Mərkəzi, Netafim, “DeserTech”, Şimon Peres Sülh və İnnovasiya Mərkəzi, Volcani İnstitutu və “Takwin” şirkətinə səfər edib. Görüşlər zamanı innovativ həllər, texnologiyaların tətbiqi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nümayəndə heyəti həmçinin “MUNI EXPO 2026” beynəlxalq sərgisində iştirak edərək ağıllı şəhərlər, süni intellekt, rəqəmsal transformasiya, kibertəhlükəsizlik, su ehtiyatlarının idarə olunması və dayanıqlı şəhər inkişafı sahəsində təqdim olunan ən son texnoloji yeniliklərlə tanış olub.
Səfər çərçivəsində İsrailin dövlət qurumlarının nümayəndələri, texnologiya şirkətlərinin rəhbərləri, investorlar və startap ekosisteminin təmsilçiləri ilə keçirilən görüşlərdə iki ölkə arasında texnologiya transferi, innovasiya təşəbbüslərinin inkişafı, sahibkarlığın dəstəklənməsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
Bununla yanaşı, nümayəndə heyəti Yerusəlimin tarixi və mədəni irsi ilə də yaxından tanış olub.
Səfərin Azərbaycan və İsrail arasında innovasiya və yüksək texnologiyalar sahəsində tərəfdaşlığın daha da möhkəmlənməsinə, eləcə də yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verdiyi bildirilib.









