Yenilənib: Avqust 10, 2026 2:24 axşam
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da Bakıdakı bir sıra transformator məntəqələrində təmir-təftiş işləri aparılacaq. Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Qurumun verdiyi məlumata görə, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Dadaş Bünyadzadə, Arif Mehdiyev, Mirmövsüm Nəvvab və Elşən Müslümov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Bundan başqa, Nərimanov RETSİ-yə daxil olan Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin bəzi ərazilərində saat 09:00-dan 12:00-dək enerjinin verilişində fasilə yaranacaq.
Nəzərdə tutulan profilaktik və təmir işləri yekunlaşdıqdan sonra adıçəkilən ünvanlardakı abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin ediləcəklər.
