Yerusəlim, 14 iyul – İsraildə dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində yeni layihə hazırlanır. Gələcəkdə vətəndaşlar biometrik pasportlarını və şəxsiyyət vəsiqələrini dövlət qurumlarına getmədən, mobil telefon vasitəsilə yeniləyə biləcəklər.
Hazırlanan sistem sayəsində istifadəçilər smartfon üzərindən elektron ərizə dolduracaq, biometrik foto çəkəcək və sənədlərinin etibarlılıq müddətini onlayn qaydada uzada biləcəklər. Layihə çərçivəsində yüksək təhlükəsizlik standartlarına cavab verən xüsusi platforma hazırlanıb və hazırda sınaq mərhələsindədir.
Məlumata görə, sistemin tam istifadəyə verilməsi üçün şəxsi məlumatların qorunması, kibertəhlükəsizlik və texniki infrastrukturla bağlı son tamamlanma işləri davam etdirilir.
Bununla yanaşı, vətəndaşlara daha operativ xidmət göstərilməsi məqsədilə ölkə üzrə yeni rəqəmsal xidmət mərkəzlərinin yaradılması da nəzərdə tutulur. Bu mərkəzlərdə quraşdırılacaq xüsusi terminallar vasitəsilə sənədlərlə bağlı bir çox əməliyyatı sürətli və rahat şəkildə həyata keçirmək mümkün olacaq.
Yeni sistemin istifadəyə verilməsi ilə dövlət xidmətlərinə çıxışın daha əlçatan olması, sənəd yenilənməsi prosesinin sadələşdirilməsi və vətəndaşların vaxtına əhəmiyyətli dərəcədə qənaət edilməsi gözlənilir.