Bu gün dünyanın və Yaxın Şərqin ən böyük problemlərindən biri İsrail-Fələstin münaqişəsidir. Bu münaqişənin əsas məsələlərindən biri isə Yerusəlim problemidir. Bir tərəfdə Yerusəlimi özünün əbədi paytaxtı elan edən İsrail, digər tərəfdə isə şəhərin özlərinə məxsus olduğunu iddia edən ərəblər dayanır. Üçüncü tərəfdə isə Yerusəlimin xüsusi statusa malik beynəlxalq şəhər olmasını istəyən xristian dünyası mövcuddur. Bu yazıda tarixi mənbələrə və müqəddəs kitablara müraciət edərək, Yerusəlimin hansı millətlə daha sıx bağlı olduğunu araşdırmağa çalışacağıq.
Yerusəlim dünyanın ən qədim şəhərlərindən biridir. O, üç səmavi dinin kəsişdiyi, müxtəlif mədəniyyətlərin formalaşdığı müqəddəs bir şəhərdir. Yerusəlim haqqında danışmazdan əvvəl bütün müqəddəs kitablarda hörmətlə anılan İbrahim peyğəmbərə və onun nəslinə nəzər salaq.
Müqəddəs kitablarda qeyd edildiyi kimi, İbrahim Mesopotamiyada yaşayırdı. Onun mənsub olduğu qövm bütpərəst idi. Bir gün Tanrı ona yaşadığı yurdu tərk edərək Özünün göstərəcəyi torpağa getməyi əmr etdi. İbrahim Tanrının əmri ilə həyat yoldaşı Sara və qardaşı oğlu Lut ilə birlikdə Harrandan Kənan torpaqlarına gəldi.

Tövratda bu hadisə belə təsvir olunur:
“Torpağından, doğulduğun yerdən və atanın evindən çıxaraq sənə göstərəcəyim torpağa get”. (Bereşit 12:1)
Qurani-Kərimdə isə buyurulur:
“Biz İbrahimlə Lutu xilas edib aləmlər üçün bərəkətli etdiyimiz yerə gətirdik”. (Ənbiya, 71)
Buradan göründüyü kimi, Tanrının İbrahimi öz vətənindən çıxarması ilahi planın bir hissəsi idi. Müqəddəs kitablara görə, Yerusəlim və onun ətrafındakı torpaqlar Tanrı tərəfindən müqəddəs və bərəkətli edilmişdir.
İbrahimin iki oğlu oldu: cariyəsi Həcərdən İsmayıl, həyat yoldaşı Saradan isə İshaq dünyaya gəldi. İbrahim İsmayılı və Həcəri indiki Ərəbistan yarımadasına apardı. İshaq isə Kənan torpaqlarında qaldı və atasının varisi oldu.
İshaqın iki oğlu var idi: Yaqub və Esav. Yaqubun isə on iki oğlu oldu. Yaqubun ikinci adı İsrail idi. Buna görə də onun nəslindən gələnlər “İsrail oğulları” adlandırılırdı. Sonralar Yaqubun oğullarından biri olan Yəhudanın adı ilə əlaqədar olaraq bu xalqa “yəhudilər” deyilməyə başlandı.

Yusif peyğəmbərin dövründə İsrail oğulları Misirə köç etdilər. Müqəddəs kitablara görə, bu, Tanrının iradəsi ilə baş verdi. Yusifin hakimiyyətdə olduğu dövrdə onlar Misirdə firavan həyat sürürdülər. Lakin Yusifin vəfatından sonra vəziyyət dəyişdi. Yeni hökmdar Yusifi tanımırdı və onun inancını qəbul etmirdi. Nəticədə İsrail oğulları ağır köləlik həyatına məruz qaldılar və onlara qarşı zülm getdikcə artdı.

Bu hadisələr ilahi xilaskarın meydana çıxmasına zəmin yaratdı. Tanrının əmri ilə həmin xilaskar İsrail oğullarını yenidən İbrahimə vəd edilmiş torpaqlara qaytaracaqdı.
Qurani-Kərimdə bu barədə belə buyurulur:
“Biz istədik ki, yer üzündə zəif sayılanlara lütf göstərək, onları rəhbərlər və varislər edək. Onlara yer üzündə hakimiyyət verək…”. (Qəsəs, 5–6)
Bu ayədən göründüyü kimi, Tanrı İsrail oğullarını yenidən İbrahimə vəd edilmiş torpaqlara qaytarmaq istəyirdi. Bunun üçün O, Musanı seçdi. Musa Tanrının əmri ilə İsrail oğullarını Misirdən çıxararaq vəd edilmiş torpaqlara doğru apardı. Bu yol asan olmadı, lakin ilahi iradə məhz bunu tələb edirdi.
İsrail oğulları Qırmızı dənizi keçərək Kənan torpaqlarına yaxınlaşdıqları zaman burada başqa xalqların yaşadığını gördülər. Beləliklə, müqəddəs torpaqlara daxil olmaq onlar üçün asan olmadı. Musa və onun qövmü qırx il səhrada dolaşdı. Musa vəd edilmiş torpaqlara daxil olmadan vəfat etdi.

Tanrının xalqını müqəddəs torpaqlara gətirmək vəzifəsi Nun oğlu Yeşuaya nəsib oldu. Yeşuanın rəhbərliyi altında İsrail oğulları Kənan torpaqlarında məskunlaşdılar. Lakin onlar burada yaşayan müxtəlif xalqlarla uzun müddət mübarizə aparmalı oldular.

İsrail xalqının ən böyük uğurları Davudun hakimiyyəti dövründə əldə edildi. E.ə. təxminən 1000-ci ildə Davud Yerusəlim şəhərini yəbusilərdən aldı və on iki İsrail qəbiləsini vahid dövlət altında birləşdirərək şəhəri İsrail krallığının paytaxtı elan etdi. O dövrdə şəhər Urişalim adı ilə tanınırdı.
Davud şəhəri fəth etdikdən sonra Əhd sandığını Yerusəlimə gətirdi. Həmin Əhd sandığında Tanrının Tur dağında Musaya verdiyi Tövratın daş lövhələrinin saxlanıldığına inanılırdı. Bununla Yerusəlim yalnız siyasi deyil, həm də dini mərkəzə çevrildi.
Davudun dövründə İsrail dövləti gücləndi və ətraf xalqlar üzərində üstünlük qazandı. Davud haqqında həm Qurani-Kərimdə, həm də Tövratda geniş bəhs edilir. Qurani-Kərimdə buyurulur:
“Ey Davud! Biz səni yer üzündə xəlifə təyin etdik…”. (Sad, 26)
Bu ayədən göründüyü kimi, Davud Tanrı tərəfindən seçilmiş və xüsusi vəzifə verilmiş şəxs hesab edilirdi. Tanrı onun vasitəsilə İsrail xalqına güc və üstünlük bəxş etmişdi. Davud bütün İsrail qəbilələrini birləşdirərək paytaxtı Yerusəlim olan güclü İsrail krallığını qurdu.

Lakin burada mühüm bir sual ortaya çıxır: Nə üçün məhz Yerusəlim paytaxt seçildi?
Şübhəsiz ki, paytaxt olmaq üçün daha əlverişli şəhərlər mövcud idi. Yerusəlim nə böyük bir çayın sahilində, nə də mühüm ticarət yollarının üzərində yerləşirdi. Tarix boyu bir çox paytaxt şəhərlər dəniz limanlarına, çaylara və ya əsas ticarət marşrutlarına yaxın ərazilərdə qurulmuşdur. Yerusəlim isə bu üstünlüklərin heç birinə malik deyildi.
Dini ənənəyə görə, Yerusəlimin paytaxt seçilməsi ilahi iradənin nəticəsi idi. Çünki Tanrı bu torpaqlara xüsusi müqəddəslik bəxş etmişdi. Rəvayətlərə görə, Adəm burada yaradılmış və ömrünün bir hissəsini burada keçirmişdir. Bundan əlavə, gələcəkdə Davudun oğlu Süleyman tərəfindən inşa ediləcək müqəddəs Məbəd də məhz burada tikilməli idi.
Davud İsraili ədalətlə idarə etdi və onun hakimiyyəti yəhudi xalqının qızıl dövrlərindən biri hesab olunur. Davud sağlığında Tanrı üçün müqəddəs bir ev – Məbəd tikmək istəsə də, bu şərəf ona nəsib olmadı.
Müqəddəs Kitabda bu barədə belə deyilir:
“Ömrün başa çatdıqda sənin yerinə öz övladını çıxardacağam və onun padşahlığını möhkəmləndirəcəyəm. O, Mənim adıma ev tikəcək və Mən onun padşahlıq taxtını əbədi möhkəmləndirəcəyəm”. (II Samuel 7:12–13)
(I Yazı), davamı var…
Murad Salmanov
