İyulun 1-dən etibarən Azərbaycanda bir sıra mühüm dəyişikliklər qüvvəyə minir. İctimai nəqliyyatdan pensiya sisteminə, enerji səmərəliliyindən hərbi xidmətə qədər müxtəlif sahələri əhatə edən yeniliklər vətəndaşların gündəlik həyatına təsir göstərəcək.
“BakıKart”ın qiyməti artır
İctimai nəqliyyatdan istifadə edənlər üçün ilk dəyişiklik “BakıKart”ın satış qiyməti ilə bağlıdır. İyulun 1-dən kartın qiyməti 2 manatdan 3 manata qaldırılır.
Dəyişiklik yalnız yeni alınacaq kartlara şamil edilir. Mövcud kartlardan istifadə qaydasında isə hər hansı dəyişiklik nəzərdə tutulmur.
Közərmə lampalarının satışı qadağan edilir
Enerji səmərəliliyinin artırılması məqsədilə daha bir yenilik tətbiq olunur. Belə ki, gücü 25-60 vatt olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.
Bu qərarın əsas məqsədi elektrik enerjisinə qənaət etmək və daha müasir, enerjiyə qənaət edən işıqlandırma vasitələrinin istifadəsini genişləndirməkdir.
Qadınların pensiya yaşı artır
İyulun 1-dən qadınların pensiya yaşı növbəti dəfə artırılır.
Yeni qaydalara əsasən, pensiya yaşı 64 yaş 6 aydan 65 yaşa çatdırılır. Bu dəyişiklik Azərbaycanda mərhələli şəkildə həyata keçirilən pensiya islahatlarının son mərhələsidir.
Bakı-Balakən qatarının hərəkət cədvəli yenilənir
Azərbaycan Dəmir Yolları Bakı–Balakən marşrutu üzrə qatarın hərəkət vaxtını dəyişir.
Yeni cədvələ əsasən:
- Bakıdan çıxış: saat 23:30
- Balakəndən çıxış: saat 21:10
Sərnişinlərə səfərlərini planlaşdırarkən yeni hərəkət cədvəlini nəzərə almaları tövsiyə olunur.
İyul çağırışı başlayır
İyulun 1-dən hərbi xidmətə növbəti çağırış kampaniyasına da start verilir.
Çağırış və ehtiyata buraxılma prosesi 1-30 iyul tarixləri ərzində həyata keçiriləcək. Bu müddətdə çağırış yaşına çatmış vətəndaşların hərbi komissarlıqlara müraciəti və qanunvericilikdə nəzərdə tutulan prosedurlar icra olunacaq.
