İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Livanın cənubunda, İsrail ordusunun nəzarətində olan təhlükəsizlik zonasına səfər ediblər. Bu, İsrail və Livan arasında ABŞ-ın vasitəçiliyi ilə əldə olunan çərçivə sazişinin imzalanmasından sonra bölgəyə edilən ilk yüksək səviyyəli səfərdir.
Səfər zamanı çıxış edən Benyamin Netanyahu bildirib ki, İsrail üçün təhlükə tamamilə aradan qalxana qədər ölkə qüvvələri sözügedən ərazidə qalmağa davam edəcək.
“Bizə qarşı təhlükə mövcud olduğu müddətdə burada qalacağıq. Hərbçilərimizə göstərişimiz aydındır: hər hansı təhlükə müəyyən edilərsə, dərhal tədbir görülsün”.
Benyamin Netanyahu həmçinin qeyd edib ki, Livanın cənubunda vaxtilə toplanmış təxminən 150 min raket və mərmidən Hizbullahın sərəncamında cəmi 8 faiz qalıb. Onun sözlərinə görə, həyata keçirilən əməliyyatlar nəticəsində təşkilatın 9 mindən çox üzvü zərərsizləşdirilib.
Baş nazir çıxışında İsrail-Livan münasibətlərinə də toxunaraq bildirib ki, hər iki ölkə qarşılıqlı tanınma əsasında regionda sabitlik və təhlükəsizliyin bərpasında maraqlıdır.
“Livan İsraili tanıyır, İsrail də Livanı tanıyır. Biz həm İrana, həm də Hizbullaha mesaj veririk: bu ərazini tərk edin. Burada sülh qurmaq, təhlükəsizliyi və rifahı həm İsrailin şimal bölgələrinin sakinlərinə, həm də Livan xalqına qaytarmaq istəyən iki suveren dövlət var”.
Qeyd edək ki, İsrail və Livan arasında çərçivə sazişi ABŞ-ın vasitəçiliyi ilə imzalanıb və tərəflər arasında gərginliyin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.