İsrail kosmosda yerləşdiriləcək platformalardan Yer səthinə zərbələr endirmək üçün lazer silahı texnologiyası üzərində işləyir. Bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat verib.
Nazirin sözlərinə görə, ölkə bu istiqamətdə irimiqyaslı elmi və texnoloji layihə həyata keçirir və məqsəd kosmik silah sistemləri sahəsində dünya liderlərindən birinə çevrilməkdir. O bildirib ki, layihənin reallaşdırılması üçün İsrailin ən güclü alimləri və mühəndisləri prosesə cəlb olunub.
Məlumata görə, hazırlanması planlaşdırılan kosmik lazer sistemləri Yer orbitində yerləşən platformalar vasitəsilə hədəflərə yüksək dəqiqliklə zərbələr endirmək imkanına malik olacaq.
İsrael Kats qeyd edib ki, layihənin uğurla başa çatdırılması İsrailin müdafiə və hücum potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək.
“Əgər buna nail olsaq, bu, bizə çəkindirmə qabiliyyəti, hücum imkanları, hədəfləri məhv etmə potensialı və daha böyük resurslara malik düşmənlərimiz üzərində bütün istiqamətlər üzrə mühüm üstünlük qazandıracaq”.
Qeyd edək ki, İsrail son illərdə lazer əsaslı hava hücumundan müdafiə sistemlərinin inkişafına xüsusi diqqət ayırır. Kosmik platformalarda istifadə oluna biləcək lazer silahlarının hazırlanması isə ölkənin gələcəyin hərbi texnologiyalarına yönəlmiş strateji proqramının tərkib hissəsi kimi qiymətləndirilir.