İsrailin mədəniyyət sahəsində ən önəmli tədbirlərindən biri hesab olunan Yerusəlim Lirik Opera Festivalı (Jerusalem Lyric Opera Festival) bu il 26–30 iyul tarixlərində keçiriləcək.
Vaxtilə özəl təşəbbüs kimi əsası qoyulan festival illər ərzində ənənəyə çevrilərək ölkənin aparıcı musiqi tədbirlərindən biri statusunu qazanıb.
Beş gün davam edəcək festival çərçivəsində opera və klassik musiqi sevərləri Yerusəlimin müxtəlif mədəniyyət məkanlarında keçiriləcək konsert və tamaşaları izləyə biləcəklər. Proqram “Harmony” zalını, Yerusəlim Teatrını, İtaliya Yəhudiliyi Muzeyini, “Beit Shmuel” Teatrını və Sergeyev Həyətini əhatə edir.
Festivalın əsas məkanlarından biri isə Bibliya Ölkələri Muzeyi olacaq. Açılış mərasimi məhz burada keçiriləcək. roqramın bir neçə digər konserti də bu muzeydə təşkil olunacaq.
Muzeydə keçiriləcək bütün konsertlər Bibliya Ölkələri Muzeyi ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır. Bu əməkdaşlıq sayəsində ziyarətçilər konsertlərlə yanaşı, muzeyin daimi ekspozisiyasını və yeni sərgisini də görmək imkanı əldə edəcəklər.
Festivalın təşkilatçıları bildirirlər ki, tədbirin məqsədi opera sənətini daha geniş auditoriyaya çatdırmaq, musiqi ilə tarixi və mədəni irsi bir araya gətirən unikal atmosfer yaratmaqdır.
