ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum, sığorta haqqı və ya başqa ödəniş tələb etməməklə bağlı Vaşinqtona məlumat verib. O, bu barədə özünün “Truth Social” hesabında yazıb.
Tramp Tehranın bu öhdəliyi pozacağı təqdirdə, tərəflər arasında aparılan danışıqların dərhal dayandırılacağını bəyan edib.
İran ABŞ-a məlumat verib ki, əksini iddia edən saxta media xəbərlərinə baxmayaraq, Hörmüz boğazından keçən gəmilərdən heç bir rüsum, sığorta haqqı və ya başqa ödəniş tələb etmir və almır. Əgər bu məlumat doğru olmasa, danışıqlar dərhal dayandırılacaq.
Siyasətçi ABŞ-ın İrana hər hansı maliyyə vəsaiti verməsi ilə bağlı iddialara da aydınlıq gətirib. O, Vaşinqtonun İrana heç bir pul ödəmədiyini və ya hər hansı vəsaitin sərbəst istifadəsinə icazə vermədiyini vurğulayıb.
ABŞ İrana heç bir pul verməyib. Biz onların vəsaitlərinin bir hissəsini tam nəzarətimiz altında olmaqla, qarğıdalı, buğda, soya və digər məhsulların alınması üçün amerikalı fermer və heyvandarlardan alışlara yönəldəcəyik.
Donald Tramp əlavə edib ki, bu addım İranın ərzağa olan ciddi ehtiyacı ilə əlaqədardır və tədarük yalnız ABŞ-dan həyata keçiriləcək.
İranda ərzağa ciddi ehtiyac var və biz bu məhsulları onlar üçün yalnız ABŞ-dan alacağıq.