Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəsinin Ukrayna ilə sülh danışıqlarına hazır olduğunu, lakin bunun 2022-ci ildə İstanbulda əldə edilmiş razılaşmalar əsasında aparılmalı olduğunu bildirib.
Putin qeyd edib ki, o, həmin razılaşmalardan yayınmaq üçün heç bir səbəb görmür. Danışıqlar üçün Rusiyanın mövqeyinin əsasını İstanbul və Ankoric prinsipləri, cəbhədəki mövcud reallıqlar və onun 2024-cü ildə Xarici İşlər Nazirliyindəki çıxışı təşkil edir.
Dəfələrlə bildirildiyi kimi, Rusiya Ukrayna ilə İstanbulda əldə edilən razılaşmalar əsasında sülh danışıqlarına hazırdır və xatırlatmaq istəyirəm ki, bu razılaşmalar Ukrayna nümayəndə heyəti tərəfindən paraflanıb, yəni hər şey onları qane edib.
Rusiya lideri həmçinin Ukraynanın Rusiyaya qarşı hava hücumlarının cəbhədəki vəziyyətə təsir göstərmədiyini vurğulayıb. Onun sözlərinə görə, Rusiya qüvvələri yaşayış məntəqələrini bir-birinin ardınca azad etməkdə davam edir.
Putinin fikrincə, Kiyev bu cür hücumlarla güclü danışıqlar mövqeyinə malik olduğu təəssüratını yaratmağa çalışır, lakin döyüş meydanındakı reallıqlar bunun əksini göstərir.