Bakı şəhərində və Abşeron yarımadasında səhər saatlarından etibarən güclü toz dumanı müşahidə olunmağa başlayıb. Xüsusilə Qaradağ rayonu ərazisində, Qobustan qəsəbəsindən paytaxt istiqamətindəki yollarda əlverişsiz hava şəraiti səbəbindən görünüş məsafəsi xeyli dərəcədə məhdudlaşıb.
Tozun miqdarı normadan artıqdır
Mütəxəssislərin açıqlamasına görə, hazırda havada qeydə alınan tozun miqdarı normadan 1.4-1.7 dəfə artıqdır.
Havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar lokal xarakterlidir. Belə hava şəraitinə səbəb bu gün səhər saatlarından başlayan güclü şimal-qərb küləyinin yerin üst quru səthində formalaşan toz kütlələrini ətraf ərazilərə yaymasıdır.
Tozlu hava şəraiti nə qədər davam edəcək?
Sinoptiklərin proqnozlarına əsasən, tozlu hava şəraitinin mövcud meteoroloji şəraitlə əlaqədar olaraq sabah günorta saatlarına qədər davam edəcəyi gözlənilir. Sürücülərdən yollarda hərəkət edərkən diqqətli olmaları və sürət həddinə riayət etmələri xahiş olunur.
Mənbə: jnews.az
