ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla müharibə zamanı itkilərə dair rəsmi məlumat bazasını yeniləyib. Yenilənmiş statistikaya əsasən, münaqişə başlayandan indiyədək 18 ABŞ hərbçisi həlak olub, 624 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
Məlumata görə, Pentaqon eyni zamanda itkilərin uçot sistemində də dəyişiklik edib. İyulun 7-dən sonra baş verən hadisələr üçün “Xarici əməliyyatlar” (“Overseas operations”) adlı ayrıca kateqoriya yaradılıb və həmin tarixdən sonrakı bəzi ölüm və yaralanma halları bu bölmədə qeyd olunmağa başlayıb. Bu səbəbdən əvvəlki rəsmi statistika ilə yeni məlumatlar arasında müəyyən fərqlər yaranıb.
Beynəlxalq media və hərbi ekspertlər bildirirlər ki, yeni təsnifat müharibə zamanı verilən itkilərin təqdimatı ilə bağlı suallar doğurub. İtkilərin müxtəlif kateqoriyalar üzrə bölünməsinin münaqişənin real insan itkilərinin qiymətləndirilməsini çətinləşdirdiyi deyilir. Pentaqon isə dəyişikliklərin yalnız statistic uçotun yenidən təşkil edilməsi ilə əlaqədar olduğunu vurğulayır.
Qeyd edək ki, ABŞ və İran arasında döyüş əməliyyatlarının intensivliyi son həftələrdə azalsa da, tərəflər arasında gərginlik davam edir. Vaşinqton və Tehran diplomatik kanalları açıq saxlamağa çalışsalar da, hər iki tərəf mümkün eskalasiya riskinin hələ də yüksək olduğunu bildirir.
