İranın İordaniya istiqamətinə növbəti raket hücumu İsrailin cənubunda yerləşən Eylat şəhərində yenidən həyəcan siqnallarının səslənməsinə və partlayışların eşidilməsinə səbəb olub.
İsrail mediasının yaydığı məlumata görə, hücum zamanı Təl-Əvivdən Eylata uçan sərnişin təyyarəsi təhlükəsizlik məqsədilə havada olarkən marşrutunu təcili dəyişmək məcburiyyətində qalıb. Təyyarənin hansı hava limanına yönləndirildiyi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
İlkin məlumata əsasən, İsrail ərazisində raket və ya qəlpə düşməsi qeydə alınmayıb. Bildirilir ki, Eylatda eşidilən partlayış səsləri İordaniya hava məkanında raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilməsi nəticəsində yaranıb.
Qeyd edək ki, bu, son günlər Eylatda yaşanan ilk belə hadisə deyil. Belə ki, iyulun 19-da İranın İordaniya istiqamətinə həyata keçirdiyi raket hücumundan sonra hava hücumundan müdafiə sistemlərinin məhv etdiyi raketlərin qalıqları Eylatın şimalındakı açıq əraziyə düşmüşdü. Həmin insident nəticəsində xəsarət alan olmasa da, bölgədə təhlükəsizlik tədbirləri daha da gücləndirilmişdi.