Hörmüz boğazında üzən tanker vurulduğunu bildirərək fövqəladə yardım siqnalı yayımlayıb. Hadisədən sonra gəminin heyəti tankeri tərk edərək xilasedici qayığa keçib.
Bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.
Qurumun açıqlamasına görə, VHF 16-cı kanal vasitəsilə yayımlanan fövqəladə çağırışla bağlı bir neçə məlumat daxil olub. Çağırışda tankerin naməlum mərmi ilə vurulduğu bildirilib. Hadisənin Omanın Limah bölgəsindən təxminən 8 dəniz mili şərqdə baş verdiyi qeyd olunub.
Bu arada, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının cənub marşrutu ilə hərəkət edən iki neft tankerində partlayışlardan sonra yanğın baş verdiyini açıqlayıb.
SEPAH-ın məlumatına görə, xilasedici qruplar hər iki gəminin ekipajını təhlükəsiz əraziyə təxliyə edib. Lakin açıqlamada tankerlərin adları və insidentin səbəbi barədə əlavə məlumat verilməyib.
Hələlik UKMTO-nun məlumat verdiyi tankerin SEPAH-ın bəhs etdiyi iki neft tankerindən biri olub-olmadığı məlum deyil. Hadisələrin başvermə şəraiti və səbəbləri ilə bağlı araşdırmalar davam edir.