SİMA Rəqəmsal Həllər Platforması yeni rəsmi maskotunu təqdim edib. “Simi” adı verilən obraz robotik sincab formasında hazırlanıb.
Jnews.az xəbər verir ki, platformanın rəsmi açıqlamasına görə, sincabın təbiətdəki resursları toplayan, onları qoruyan, zəhmətkeş və çevik xüsusiyyətləri rəqəmsal dünyada məlumatların təhlükəsizliyi və istifadəçi təcrübəsi ilə paralellik təşkil edir. Yeni vizual strategiya rəqəmsal xidmətlərin hər kəs üçün daha sadə və əyləncəli şəkildə izah edilməsinə xidmət edir.
“Simi” yaxın vaxtlarda SİMA-nın bütün kommunikasiya kanallarında və rəqəmsal interfeyslərində tətbiq olunacaq. Maskotun hazırlanmasında əsas məqsəd xidmətlərdə innovasiyaların tətbiqi və istifadəçi təcrübəsinin təkmilləşdirilməsidir.
Qeyd edək ki, “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA Rəqəmsal Həllər Platforması bulud və biometrik texnologiyalara əsaslanan ekosistemdir. Platforma “SİMA İmza”, “SİMA KYC”, “SİMA Access”, “SİMA Token” və “SİMA Pay” məhsulları vasitəsilə identifikasiya, imzalama və ödəniş proseslərinin rəqəmsallaşdırılmasını təmin edir.
Mənbə: apa.az
