İsrail ordusu İordan çayının Qərb sahilində hərbçilərə qarşı terror aktı törətməyə cəhd edən silahlını zərərsizləşdirib.
Jnews.az xəbər verir ki, İsrail ordusu və İsrail Sərhəd Polisi İordan çayının Qərb sahilinin bir neçə bölgəsində terror fəaliyyətinin qarşısının alınması məqsədilə əməliyyat keçirib.
Bölgələrdən birinə İsrail hərbçiləri terror təşkilatının üzvü olan silahlını dindirmək üçün gəliblər. Hərbçilər əraziyə çatdıqdan sonra həmin şəxs onların üzərinə kustar üsulla hazırlanmış “Molotov kokteyli” və əldəqayırma partlayıcı qurğu atıb. Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilib.
Daha sonra hərbçilər silahlının gizləndiyi binanı mühasirəyə alaraq onu zərərsizləşdiriblər.
Bundan başqa, hərbçilər axtarışda olan 4 şəxsi saxlayıblar. Onların arasında silah qaçaqmalçılığı ilə məşğul olan 3 silahlı şəxs, eləcə də yaxın vaxtlarda terror aktı törətməyi planlaşdıran bir nəfər də olub.
Bölgədə 70 ünvanda aparılan axtarışlar zamanı hərbçilər axtarışda olan təxminən 60 şəxsi dindirib, qumbaraatan, döyüş sursatı və digər hərbi avadanlıqlar aşkar ediblər.
