Azərbaycanlı media nümayəndələrindən ibarət heyət Azərbaycan və İsrail jurnalistləri arasında peşəkar əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsinin təşviqi məqsədilə təşkil olunan media turu çərçivəsində İsrailə səfər edib.
Jnews.az xəbər verir ki, səfər zamanı nümayəndə heyəti İsrailin aparıcı media qurumlarının təmsilçiləri, eləcə də hökumət rəsmiləri, ekspertlər, təhlükəsizlik üzrə mütəxəssislər və müxtəlif icmaların nümayəndələri ilə görüşlər keçirib. Jurnalistlərə regionda mövcud vəziyyət, təhlükəsizlik sahəsində baş verən son proseslər, habelə İsrailin cənub və şimal bölgələrində yaşayan icmaların qarşılaşdığı problemlər barədə məlumat verilib.
Nümayəndə heyəti Qəzza sərhədinə yaxın ərazilərə səfər edərək təhlükəsizlik vəziyyəti və 7 oktyabr 2023-cü ildə baş vermiş hücumdan sonra cərəyan edən hadisələr barədə birbaşa məlumat əldə edib. Jurnalistlər həmçinin ölümə səbəb olan hücumun baş verdiyi Nova musiqi festivalının keçirildiyi əraziyə baş çəkərək hadisələrin gedişatı və bu hadisələrin İsrail cəmiyyətinə təsiri barədə daha yaxından məlumatlanıblar.
İsrailin şimalında nümayəndə heyəti Livan və Suriya sərhədlərinə yaxın əraziləri ziyarət edib. Burada jurnalistlərə təhlükəsizlik mühiti, eləcə də sərhədyanı ərazilərdə yaşayan icmaların vəziyyəti barədə məlumat verilib.
Proqram çərçivəsində Yerusəlimə və Yad Vaşem Holokost Memorialına səfərlər də təşkil olunub. Həmçinin İsrailin Druz icmasının və Azərbaycandan tarixi mənşəyi olan Dağ yəhudiləri icmasının nümayəndələri ilə görüşlər keçirilib.
Səfər azərbaycanlı jurnalistlərə İsraildə baş verən proseslərlə bağlı ilk mənbədən məlumat əldə etmək, israilli həmkarları ilə peşəkar təcrübə mübadiləsi aparmaq, eləcə də Azərbaycan və İsrail arasında media əlaqələrinin və xalqlar arasında qarşılıqlı münasibətlərin daha da möhkəmləndirilməsi üçün imkan yaradıb.








