ABŞ Prezidenti Donald Trump administrasiyası İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması ehtimalını nəzərdən keçirsə də, hələlik diplomatik danışıqları davam etdirmək qərarına gəlib.
Bu barədə “The Wall Street Journal” administrasiyadakı yüksəkvəzifəli mənbələrə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, Donald Tramp müharibə naziri Pete Hegseth və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Dan Caine ilə keçirdiyi görüşlərdə İrana qarşı yeni hərbi əməliyyatların mümkün ssenarilərini müzakirə edib. Görüşlərdə Vaşinqtonun nüvə danışıqlarından imtina edərək İranın hərbi və nüvə obyektlərinə genişmiqyaslı zərbələr endirməsi variantı da nəzərdən keçirilib.
Tramp hesab edir ki, belə bir qərar hazırda davam edən nüvə danışıqlarını tamamilə iflasa uğrada və ABŞ-ın əsas məqsədi hesab edilən İranın nüvə proqramının məhdudlaşdırılması istiqamətində səyləri zəiflədə bilər. Bu səbəbdən Ağ Ev diplomatik kanalların açıq saxlanmasına üstünlük verir.
Məlumata əsasən, ABŞ Prezidenti nüvə sazişi üzrə danışıqlar üçün nəzərdə tutulan 18 avqust tarixinin uzadılmasına da etiraz etmir və tərəflərə razılıq əldə etmək üçün əlavə vaxt verilməsini mümkün hesab edir.
“The Wall Street Journal” qeyd edir ki, hazırkı mərhələdə Ağ Evin strategiyası İranın mümkün atəşkəs pozuntularına yalnız məhdud və dəqiq hədəflərə yönəlmiş hərbi zərbələrlə cavab verməkdən ibarətdir. ABŞ administrasiyası genişmiqyaslı müharibənin regionda vəziyyəti daha da gərginləşdirəcəyini hesab edir.
Qeyd edək ki, son günlər Vaşinqton və Tehran arasında gərginlik yenidən artıb. Donald Tramp bundan əvvəl bəyan etmişdi ki, İran atəşkəs razılaşmasını pozmağa davam edərsə, ABŞ məsələni hərbi yolla həll etməyə məcbur qala bilər.