Yenilənib: Avqust 25, 2026 2:09 axşam
Ukrayna Silahlı Qüvvələri avqustun 25-nə keçən gecə Rusiyanın enerji sektoruna daxil olan obyektlərinə silsilə zərbələr endirib.
Jnews.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Krasnodar diyarındakı Afipski neft emalı zavodu vurulub. Müəssisənin ərazisində yanğın baş verib, zərərin miqyası hazırda dəqiqləşdirilir. Zavodun illik layihə gücünün 6,25 milyon ton olduğu bildirilir.
Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev də Afipski qəsəbəsinə dron hücumunun olduğunu təsdiqləyib. Onun sözlərinə görə, dron qalıqlarının Afipskaya dəmir yolu stansiyasına düşməsi nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Bundan başqa, azı 10 fərdi yaşayış evinə ziyan dəyib.
Rostov vilayətində isə Novoşaxtinsk neft məhsulları zavodu hücuma məruz qalıb. Vilayətin qubernatoru Yuri Slyusar bildirib ki, müəssisəyə ziyan dəydiyi üçün onun fəaliyyəti müvəqqəti dayandırılıb. Hücum nəticəsində zavodda hansı avadanlığın zədələndiyi və fəaliyyətin nə vaxt bərpa olunacağı açıqlanmayıb.
Slyusarın məlumatına görə, gecə saatlarında Rostov vilayətinin müxtəlif ərazilərində təxminən 30 pilotsuz uçuş aparatı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Kamenski rayonunda dron qalıqlarının düşməsi nəticəsində 4,5 hektar ərazidə meşə yanğını baş verib, dörd fərdi yaşayış evinə də ziyan dəyib.
Bundan bir gün əvvəl, avqustun 24-nə keçən gecə Ukrayna tərəfi Həştərxan qaz emalı zavodundakı iki U-272 qazayırma qurğusunun vurulduğunu açıqlamışdı. Müəssisə “Qazprom” strukturuna daxildir.
Rusiyanın neft emalı sektorunda son günlər digər insidentlər də baş verib. Avqustun 21-də Pərm neft emalı zavodunda pilotsuz uçuş aparatının hücumundan sonra ilkin neft emalı qurğusunun fəaliyyəti dayandırılıb. Zavod “Lukoyl” şirkətinə məxsusdur və təmirin bir-iki həftə çəkə biləcəyi bildirilir.
