İsrail polisinin Yerusəlim dairəsinin Mərkəzi bölməsi Köhnə şəhərdə Fələstin administrasiyası ilə əlaqəli tədbirin keçirilməsinin qarşısını alıb.
Jnews.az xəbər verir ki, polis həmin tədbirin qanunvericiliyin tələblərini pozaraq keçirilməsinin planlaşdırıldığını bildirib.
Hüquq-mühafizə orqanlarının topladığı əməliyyat məlumatları polis komissarı Dani Levi, Yerusəlim dairəsinin rəisi Avşalom Peled və İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə təqdim olunub. Əldə edilən məlumatlar əsasında Ben-Qvir tədbirin keçirilməsini qadağan edən sərəncam imzalayıb.
Bundan sonra Yerusəlim dairəsinin Mərkəzi bölməsinin və David rayon polisinin əməkdaşları hadisə yerinə gələrək mərasimə hazırlıq əlamətlərini aşkar ediblər. Polis ərazidə olan bir neçə şəxsi tədbirin keçirilməsinin qadağan edilməsi barədə məlumatlandırıb.
Polisdən bildirilib ki, Yerusəlimdə, o cümlədən şəhərin ərəb məhəllələrində təhlükəsizliyin və nəzarətin gücləndirilməsi istiqamətində davamlı olaraq əməliyyat məlumatları toplanır.
Hüquq-mühafizə orqanları terror infrastrukturu ilə əlaqəli fəaliyyətlərin, eləcə də Fələstin administrasiyasının qanunsuz tədbir və konfranslarının qarşısını almaq üçün tədbirlər gördüyünü bildirir. Polis bu cür fəaliyyətlərin təxribat xarakterli çağırışlara, gərginliyin artmasına və şəhər sakinlərinin gündəlik həyatının pozulmasına səbəb ola biləcəyini qeyd edib.
Mənbə: newsru.co.il
