Ermənistanın Antikorrupsiya Komitəsi keçmiş prezident Robert Köçəryan və onun böyük oğlu Sedrak Köçəryanın iştirakı ilə bağlı aparılan istintaqın bəzi detallarını açıqlayıb.
Jnews.az xəbər verir ki, Komitə Robert və Sedrak Köçəryanın saxlanılması ilə bağlı görüntüləri yayıb. Rəsmi məlumata görə, onlar da daxil olmaqla ümumilikdə 6 nəfər saxlanılıb.
İstintaqın versiyasına əsasən, Robert Köçəryan Ermənistan prezidenti olduğu dövrdə yaxın şəxslərlə əvvəlcədən əlbir olaraq dövlət mülkiyyətində olan ictimai və iqtisadi əhəmiyyətli bir sıra qiymətli obyektlərin özgəninkiləşdirilməsi prosesində iştirak edib.
İstintaq orqanı həmin əmlakların daha sonra bazar qiymətindən xeyli aşağı məbləğə əldə edildiyini bildirir. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, daha əvvəl Robert Köçəryanla bağlı dövlət əmlakının özgəninkiləşdirilməsi və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə əlaqəli ittihamlar barədə məlumatlar yayılmışdı. Köçəryanın müdafiə tərəfi isə ittihamları qəbul etmir və onun ailə üzvlərinin sözügedən əməliyyatla əlaqəsinin olmadığını bildirir.
