Yenilənib: Avqust 20, 2026 11:28 səhər
Rusiya ordusu avqustun 20-nə keçən gecə Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib. Kiyev, Odessa və Çerniqov vilayətləri ilə yanaşı, Moldova ilə sərhəddə yerləşən ərazilərə də zərbələr endirilib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Rusiya qüvvələri Moldova ilə sərhəddə yerləşən sərhəd-keçid məntəqəsini vurub. Hücum nəticəsində sərhəd bölgəsində nəqliyyat və təhlükəsizliklə bağlı risklər yaranıb.
Rusiya dronu Moldova hava məkanına daxil olub
Moldova Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 20-də saat 03:16-da hava məkanına icazəsiz uçuş qeydə alınıb.
İlkin məlumata əsasən, hava vasitəsi “Shahed-136” tipli Rusiya dronu olub. Dron Ukraynanın Reni rayonundakı Kotlovina yaşayış məntəqəsi istiqamətindən Moldova ərazisinə daxil olaraq Etulia istiqamətində hərəkət edib.
Moldova tərəfi bildirib ki, dron saat 03:22-də ölkənin hava məkanını tərk edərək yenidən Ukrayna istiqamətinə keçib. Hadisənin Rusiyanın həmin gecə Ukraynaya həyata keçirdiyi hava hücumları fonunda baş verdiyi qeyd olunub.
Bu hadisə Rusiyanın Ukraynaya qarşı hücumlarının Moldova ərazisinə və hava məkanına keçməsi ilə bağlı son günlərdə qeydə alınan insidentlərdən biridir.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ötən gecə Rusiya Ukraynaya iki “İsgəndər-M” ballistik raketi və 65 hücum dronu ilə zərbə endirib.
Ukrayna hava hücumundan müdafiə qüvvələri 65 PUA-dan 50-ni məhv edib və ya zərərsizləşdirib. Digər dronların bir hissəsinin müxtəlif ərazilərdə hədəflərə çatdığı bildirilib.
Hücum nəticəsində Zaporojye şəhərində bir nəfər ölüb, 10 nəfər yaralanıb. Şəhərdə yaşayış və mülki infrastruktura ziyan dəyib.
Kiyevdə ölənlərin sayı 12-yə çatıb
Kiyevə qarşı hücumun nəticələri daha ağır olub. Rusiya ordusunun ballistik raketlərlə həyata keçirdiyi hücum nəticəsində Kiyevdə azı 12 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
Ən ağır zərbə paytaxtın Solomianski rayonuna dəyib. Doqquzmərtəbəli yaşayış binasının yuxarı mərtəbələrində baş verən dağıntı nəticəsində 7 nəfər həyatını itirib. Hücum zamanı yaşayış binaları ilə yanaşı, qeyri-yaşayış obyektləri, anbarlar, məktəb və uşaq xəstəxanasına da ziyan dəyib.
Hücum nəticəsində Kiyevdə təxminən 90 min abonentin elektrik enerjisi kəsilib. Enerji təchizatının bir hissəsi sonradan bərpa edilib.
Rusiya Müdafiə Nazirliyi isə hücumların Kiyev və ətrafındakı pilotsuz uçuş aparatlarının komponentlərinin istehsalı ilə bağlı obyektlərə, hərbi anbara və logistika mərkəzinə qarşı həyata keçirildiyini bildirib.
