İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Hərbi Prokurorluğu Qəzza zolağında hərbi əməliyyatlar zamanı baş vermiş beş ciddi insident üzrə araşdırmanın nəticələrini açıqlayıb. Qərarlar SAXAL-ın faktların araşdırılması mexanizmi tərəfindən 150-dən çox insidentə baxıldıqdan sonra qəbul edilib.
Araşdırılan hadisələr arasında 2024-cü ildə fələstinli qız Hind Rəcəbin və onun ailə üzvlərinin ölümü, 2025-ci ildə Rəfahda 15 təcili yardım və yardım əməkdaşının öldürülməsi, həmçinin 2024-cü ilin aprelində “World Central Kitchen” təşkilatının yeddi əməkdaşının ölümü ilə nəticələnən hücum da olub.
SAXAL-ın qərarına əsasən, iki insident üzrə cinayət araşdırması başlanacaq. Bunlardan biri Hind Rəcəbin və ailəsinin öldürülməsi, digəri isə Rəfahda 15 fələstinli tibb və yardım əməkdaşının öldürülməsi ilə bağlıdır.
Daha iki hadisə üzrə intizam araşdırması aparılacaq. Beşinci iş üzrə isə cinayət araşdırmasına başlanması üçün əsas olmadığı qənaətinə gəlinərək iş bağlanıb.
SAXAL həmçinin 2024-cü ilin aprelində Qəzzanın Deyr əl-Bəlah şəhərində “World Central Kitchen” təşkilatının yeddi əməkdaşının ölümü ilə bağlı insident üzrə cinayət araşdırmasının başlanmayacağını açıqlayıb. Araşdırma zamanı ciddi nöqsanların müəyyən edildiyi, lakin komandirlərin həmin vaxt mövcud olan məlumatlar və əməliyyat şəraiti nəzərə alınmaqla qəbul etdikləri qərarların cinayət xarakterli davranışa dair əsaslı şübhə yaratmadığı bildirilib. Hadisə ilə bağlı daha əvvəl iki zabit vəzifəsindən uzaqlaşdırılıb, dörd yüksək rütbəli komandirə isə töhmət verilib.
SAXAL bildirib ki, araşdırmalar Qəzzada mürəkkəb döyüş şəraitində baş vermiş qeyri-adi insidentlərin hüquqi qiymətləndirilməsi məqsədilə aparılıb.
Mənbə: jpost.com
