Avqustun 19-na keçən gecə İsrail xüsusi təyinatlılarının Qəzza zolağının cənubunda, HƏMAS-ın nəzarətində olan ərazidə əməliyyat keçirdiyi bildirilir.
Regiondakı mənbələrin məlumatına görə, əməliyyatın əsas hədəfi HƏMAS polisində polkovnik rütbəsinə uyğun vəzifə tutan yüksəkvəzifəli zabit Səbri Atva Əbd əl-Aal olub.
Məlumata görə, xidməti itlərin də müşayiət etdiyi 15-20 nəfərlik qrup gecə saat 01:00 radələrində Xan Yunisin cənubu ilə Rəfahın şimalı arasında yerləşən Əş-Şakuş ərazisindən çıxaraq Əl-Məvasi istiqamətinə hərəkət edib.
Xüsusi təyinatlıların öz aralarında ivrit dilində danışdıqları və bir neçə şəxs barədə sorğu-sual apardıqları bildirilir. Daha sonra onlar Əbd əl-Aalın çadırına daxil olaraq onu saxlayıblar.
Əməliyyat zamanı HƏMAS polis zabiti ilə yanaşı, “Əl-Əqsa Komitəsi” mühafizə şirkətinin əməkdaşı Nəşat Zuarabın da saxlanıldığı qeyd olunur.
Əməliyyat başa çatdıqdan sonra xüsusi təyinatlıların “sarı xətt” istiqamətində geri çəkildiyi bildirilir.
Hazırda bu məlumat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. İsrail Müdafiə Qüvvələri (SAXAL) və İsrailin Təhlükəsizlik Xidməti (ŞABAK) hadisə ilə bağlı açıqlama verməyib.
Mənbə: newsru.co.il
