İsrailin Səhiyyə Nazirliyi və Ətraf Mühitin Mühafizəsi Nazirliyi ölkənin şimalındakı bir sıra su hövzələrində suyun keyfiyyətinin normadan aşağı olduğunu açıqlayıb.
Avqustun 16 və 17-də götürülmüş su nümunələrinin laboratoriya analizləri nəticəsində fekal bakteriyaların səviyyəsinin normadan əhəmiyyətli dərəcədə yüksək olduğu açıqlanıb.
100 millilitr suda bakteriyaların yol verilən maksimum miqdarı 400 vahid müəyyən edilib. Lakin Banias, Hasbani və İordan çaylarında, həmçinin Cilbon, Zaki, Yehudiya, Tsalmon, Kziv və Meşuşim su hövzələrində bu göstərici normanı keçib.
Ən yüksək bakteriya konsentrasiyası Meşuşim hövzəsində – 100 millilitr suda 3400 vahid, Yehudiya şəlaləsində isə 3000 vahid təşkil edib. Tsalmon hövzəsində 2900, Hasbani çayında isə 2300 vahid bakteriya qeydə alınıb.
Mümkün sağlamlıq riskləri nəzərə alınaraq, nazirliklər təkrar analizlər suyun keyfiyyətinin normaya qayıtdığını təsdiqləyənədək qeyd olunan su hövzələrində çimməkdən çəkinməyi tövsiyə edib.
Hazırda çirklənmənin mənbəyi müəyyən edilməyib. Müvafiq qurumların mütəxəssisləri bölgədə vəziyyəti monitorinq etməyə davam edir.
Mənbə: newsru.co.il
