Yenilənib: Avqust 19, 2026 9:56 səhər
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) nümayəndələrinə qarşı sanksiyalar tətbiq etmək qərarını rəsmən dəstəkləyib. İsrail hökumətinin rəhbəri bununla bağlı “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
B. Netanyahu paylaşımında BCM-ni “kukla tribunal” kimi xarakterizə edib. Onun sözlərinə görə, məhkəmənin fəaliyyəti beynəlxalq hüquq adı altında səlahiyyətlərdən sui-istifadəni ört-basdır etməyə yönəlib. Baş nazirin fikrincə, bu, ədalətin fundamental prinsiplərinin pozulması deməkdir.
İsrailin baş naziri ABŞ dövlət katibi Marko Rubioga Donald Tramp administrasiyasının BCM-nin “qanunsuz hərəkətləri” ilə mübarizə istiqamətində göstərdiyi səylərə görə minnətdarlığını bildirib. B. Netanyahu, həmçinin məhkəmə rəhbərliyinin öz hərəkətlərinə görə məsuliyyət daşımalı olduğunu vurğulayıb.
Qeyd edək ki, Ağ Ev administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin iki nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib.
Mənbə: report.az
