İordan çayının qərb sahilində yerləşən Samariya bölgəsindəki Havat-Gilad yaşayış məntəqəsi yaxınlığında baş verən silahlı terror aktının yeni təfərrüatları məlum olub.
İsrail Ordusunun (SAXAL) yaydığı məlumata görə, israilli mülki şəxslərə hücum edilməsi barədə xəbər daxil olduqdan sonra “Şomron” briqadasının hərbçiləri Tel kəndi yaxınlığındakı əraziyə cəlb olunub.
Hadisə yerinə gələn təhlükəsizlik əməkdaşlarından birinin silahı terrorçular tərəfindən ələ keçirilib. Onlar daha sonra həmin silahla israilli mülki şəxslərə atəş açıblar. Nəticədə bir neçə nəfər güllə yarası alaraq xəstəxanaya çatdırılıb.
Hadisədən sonra bölgəyə əlavə hərbi qüvvələr göndərilib. Terrorçuların saxlanılması üçün genişmiqyaslı axtarış əməliyyatı başladılıb, ərazidə nəzarət-buraxılış məntəqələri qurulub. “Şomron” briqadasının məsuliyyət zonasına daxil olan Nablus (Şxem) şəhərində və Tel kəndində xüsusi təhlükəsizlik rejimi elan edilib.
Hücum nəticəsində yaralanan iki nəfər Təl-Əvivdəki “İxilov” xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin kritik olduğu, həkimlərin həyatını xilas etmək üçün mübarizə apardığı bildirilib. Digər yaralının da vəziyyəti ağır qiymətləndirilir.