Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) “Telegram” platformasının həmtəsisçisi Pavel Durova terror fəaliyyətinə yardım ittihamı irəli sürüldüyünü və onun beynəlxalq axtarışa verilməsi proseduruna başlanıldığını açıqlayıb.
FSB-nin yaydığı məlumata görə, P. Durov barəsində Rusiya Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1.1-ci hissəsi (terror fəaliyyətinə yardım) ilə cinayət işi açılıb. Qurumun iddiasına əsasən, “Telegram” administrasiyası Rusiya qanunvericiliyinin tələblərinə baxmayaraq, Ukrayna xüsusi xidmət orqanları, terrorçu və ekstremist təşkilatlar tərəfindən istifadə edildiyi bildirilən kanal, çat və botları platformadan silməyib.
FSB iddia edir ki, həmin resurslardan Rusiya ərazisində diversiya və terror aktlarının hazırlanması və əlaqələndirilməsi, kütləvi qətllərin təşkili, eləcə də kiberdələduzluq məqsədilə istifadə olunub. Xidmətin məlumatına görə, bu fəaliyyətlər nəticəsində çoxsaylı insan tələfatı baş verib və milyardlarla rubl məbləğində maddi ziyan dəyib.
Qurumun açıqlamasına əsasən, 2022-ci ildən etibarən “Telegram” vasitəsilə törədildiyi iddia olunan 153 mindən çox cinayət faktı qeydə alınıb. Bunlara “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı, Darya Duginanın, Maksim Fominin (Vladlen Tatarski) və bir sıra yüksək rütbəli hərbçilərin qətli, həmçinin hərbi komissarlıqlara qarşı partlayış və yandırma hadisələri daxildir.
FSB həmçinin son illərdə “Telegram” üzərindən hazırlandığı iddia edilən 475 terror aktının, o cümlədən məktəblərdə planlaşdırılan 61 kütləvi qətliamın qarşısının alındığını bildirib.
Bundan əlavə, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsinə Nəzarət Federal Xidməti (Roskomnadzor) qanunsuz məzmunun silinməsi tələbi ilə “Telegram” administrasiyasına 150 mindən çox müraciət göndərdiyini, lakin bu müraciətlərin cavabsız qaldığını açıqlayıb.
Pavel Durov və” Telegram” administrasiyası isə Rusiya tərəfinin irəli sürdüyü ittihamlarla bağlı hələlik rəsmi açıqlama verməyib.