İsrailin xarici kəşfiyyat xidməti MOSSAD ilk dəfə olaraq İran xüsusi xidmət orqanlarının peşəkar muzdlu qatillər qrupunu İsrail ərazisinə keçirmək cəhdinin qarşısının alındığı genişmiqyaslı əks-kəşfiyyat əməliyyatının təfərrüatlarını açıqlayıb.
“Ynet” nəşrinin məlumatına görə, əməliyyatın əsas məqsədi İsraildə yüksək vəzifəli dövlət rəsmilərinə və vətəndaşlara qarşı sui-qəsdlərin həyata keçirilməsi olub.
İsrail təhlükəsizlik qurumlarının məlumatına əsasən, İranın Kəşfiyyat Nazirliyi və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) son dövrlərdə fəaliyyət strategiyasını dəyişib. Əgər əvvəllər Tehran əsasən xaricdə fəaliyyət göstərən şəbəkələr qurmağa çalışırdısa, hazırda hücumların birbaşa İsrail ərazisində həyata keçirilməsinə üstünlük verdiyi bildirilir.
“Proksi vasitəsilə proksi” strategiyası
Məlumata görə, ifşa edilən yeni sxem İranın birbaşa iştirakını gizlətmək üçün beynəlxalq kriminal şəbəkələrdən istifadə prinsipinə əsaslanıb.
İddialara görə, cəlb edən şəxslər İsrailə daxil ola bilən və ya artıq ölkə ərazisində olan şəxsləri axtarıb, onlara ilkin kəşfiyyat məlumatlarının toplanması və hədəflərin müəyyənləşdirilməsi kimi tapşırıqlar veriblər.
Əməliyyatın koordinasiyasında Fransada yaşayan və “Filipp” ləqəbi ilə tanınan Trot Ozkurun iştirak etdiyi bildirilir. Onun əlaqələrinin İran hakimiyyətinin himayəsi altında fəaliyyət göstərən kriminal fiqurlar Babək və Nədimə qədər uzandığı qeyd olunur. Həmin şəxslərin isə beynəlxalq narkotik ticarəti ilə əlaqəli olduğu iddia edilən Naci Şərifi Zindaşti ilə yaxın münasibətlərinin olduğu bildirilir.
Beynəlxalq əməliyyatın nəticələri
İstintaq zamanı əks-kəşfiyyat əməkdaşları əməliyyata rəhbərlik edən İran Kəşfiyyat Nazirliyinin yüksək vəzifəli əməkdaşlarının kimliyini müəyyənləşdirib.
Məlumata görə, hücumların koordinasiyasında əsas rol oynayan Əsədulla Behzad Oxsari “Şir nərəsi” əməliyyatı çərçivəsində zərərsizləşdirilib. Fransanın hüquq-mühafizə orqanlarının isə Trot Ozkurun ölkədən çıxarılmasına nail olduğu bildirilir.
Qeyd olunur ki, Şin Bet (ŞABAK), MOSSAD və Qərb müttəfiqlərinin əməkdaşlığı nəticəsində son illərdə İsrailə qarşı çoxsaylı terror cəhdlərinin qarşısı alınıb, həmçinin İsrail vətəndaşlarının bu cür əməliyyatlara cəlb edilməsi ilə bağlı çoxsaylı planlar ifşa olunub.
