Yerusəlim, 13 iyul – İsrail parlamenti (Knesset) 1915-ci il hadisələrinin qondarma “erməni soyqırımı” kimi rəsmən tanınmasına dair qanun layihəsi üzrə nəzərdə tutulan səsverməni təxirə salıb.
Məlumata görə, İsrail Nazirlər Kabineti iyunun sonunda xarici işlər naziri Gideon Saarın təşəbbüsü ilə hazırlanan layihəni yekdilliklə dəstəkləmişdi. Lakin sənədin qüvvəyə minməsi üçün Knessetin təsdiqi tələb olunsa da, səsvermə son anda parlamentin gündəliyindən çıxarılıb.
İsrail rəsmiləri qərarın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər. Yerli KİV və siyasi analitiklər səsvermənin təxirə salınmasını İsrailin regional diplomatik maraqları, Türkiyə və Azərbaycan ilə münasibətləri, həmçinin Yaxın Şərqdəki mövcud geosiyasi vəziyyətlə əlaqələndirirlər. Bildirilir ki, Knesset yaxın günlərdə yay tətilinə çıxacaq, daha sonra isə ölkədə keçiriləcək seçkilər səbəbindən layihənin nə vaxt yenidən müzakirəyə çıxarılacağı hələlik məlum deyil.
Xatırladaq ki, İsrail uzun illər 1915-ci il hadisələrini rəsmi şəkildə “erməni soyqırımı” kimi tanımaqdan çəkinib. Bunun əsas səbəbləri sırasında Türkiyə ilə münasibətlərin qorunması, regional geosiyasi amillər, eləcə də Azərbaycanla strateji tərəfdaşlıq və sıx siyasi-iqtisadi əlaqələr göstərilir. Bir sıra siyasi ekspertlər hesab edirlər ki, qanun layihəsinin növbəti dəfə Knessetin gündəliyindən çıxarılmasında Azərbaycanın diplomatik mövqeyi və Bakı ilə Təl-Əviv arasında mövcud olan strateji tərəfdaşlıq da mühüm rol oynayıb.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda fəaliyyət göstərən yəhudi icmaları da bu məsələ ilə bağlı Knessetə müraciət ünvanlamışdılar. Müraciətdə israilli deputatlar qondarma “erməni soyqırımı”nın tanınmasına dair qanun layihəsini müzakirə edərkən Azərbaycan-İsrail strateji tərəfdaşlığını nəzərə almağa və layihənin qəbuluna qarşı çıxmağa çağırılmışdılar.