İsrailin Baş naziri Benyamin Netanyahu İsrail və Livan arasında Vaşinqtonda əldə edilmiş çərçivə sazişinə münasibət bildirib.
O vurğulayıb ki, bu saziş İsrailə Livanın cənubunda yaratdığı təhlükəsizlik zonasını qoruyub saxlamağa imkan verəcək.
“Hizbullah” silahsızlaşdırılana və İsrail dövlətinə qarşı təhlükə mövcud olduğu müddətdə biz həmin təhlükəsizlik zonasını qoruyub saxlayacağıq. Bu, həm də İran üçün böyük zərbədir. İran bizi güc yolu ilə buradan çıxmağa məcbur etməyə çalışır. Lakin əslində İsrail, Livan və ABŞ İrana deyirlər ki, bu sizin işiniz deyil. Sizin Livanda heç bir rolunuz yoxdur. Nə sizin, nə “Hizbullah”ın, nə də hər hansı terror təşkilatının.
İsrailin Baş naziri qeyd edib ki, Livan ordusuna müəyyən ərazilərdə nəzarəti öz üzərinə götürməyə hazırlaşmaq imkanı yaradılıb. İsrail Müdafiə Qüvvələrinin (SAXAL) tövsiyəsi əsasında iki pilot zona formalaşdırılacaq.
Bunlardan biri Litani çayının cənubunda yerləşir və ilkin təhlükəsizlik zonasından tamamilə kənardadır. Digəri isə Litani çayının şimalında, son iki həftə ərzində nəzarətə götürdüyümüz genişləndirilmiş təhlükəsizlik zonasındakı kiçik bir ərazidir. SAXAL bildirir ki, həmin əraziyə artıq ehtiyac yoxdur.
B. Netanyahu qeyd edib ki, İsrail ordusu “Hizbullah”ın tank əleyhinə raketlərinin çatma məsafəsini əhatə edən ilkin təhlükəsizlik zonasını qoruyub saxlayır.
Biz nə “Hizbullah”ın, nə də Livan əhalisinin həmin əraziyə daxil olmasına icazə vermirik. Ən vacib məsələ odur ki, İsrail deyir: bizim təhlükəsizliyimiz hər şeydən üstündür.