İran Ukraynanın Qara dənizdə yerləşən limanlarından birinə ballistik raket zərbəsi endirməyi nəzərdən keçirib. Bu barədə “The New York Times” (NYT) İran və Qərb rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Tehran bu addımı İrana məxsus gəmiyə edilən hücuma cavab olaraq planlaşdırırmış. Lakin diplomatik səylər nəticəsində tərəflər arasında gərginlik azalıb və mümkün eskalasiyanın qarşısı alınıb.
Kəşfiyyat məlumatlarına əsasən, İran Ukraynaya nisbətən məhdud ziyan vuracaq “simvolik zərbə” endirmək məqsədilə ballistik raket buraxmağı planlaşdırıb. Mənbələrin bildirdiyinə görə, ehtimal olunan hədəf Ukraynanın Qara dənizdəki limanlarından biri olub.
“The New York Times” qeyd edir ki, İran ərazisindən Ukraynaya ballistik raketin buraxılması iki ölkə arasında gərginliyi kəskin şəkildə artıra və daha genişmiqyaslı münaqişəyə səbəb ola bilərdi.
Məqalədə bildirilir ki, İran rəsmiləri cavab zərbəsindən sonra qarşıdurmanın başa çatacağını düşünürdülər. Lakin Qərb rəsmiləri Ukraynanın belə bir hücuma necə cavab verəcəyini əvvəlcədən proqnozlaşdırmağın mümkün olmadığını vurğulayıblar.
İran və Ukrayna tərəfi bununla bağlı hələlik rəsmi açıqlama verməyib.