25 Elul 5786 7 sentyabr 2026 🕯️ Şam yandırma — 18:40, cümə Şabbatın çıxışı — 19:45, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Azərbaycanın Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat edib

Azərbaycanın Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Mədəniyyət
📅

İsraildə yaşayan Azərbaycanın Xalq artisti, tanınmış musiqiçi, caz ifaçısı, rejissor və aktyor Tofiq İbrahim oğlu Mirzəyev vəfat edib.

Məlumata görə, görkəmli sənətkar bu gecə İsrailin Arad şəhərində 95 yaşında dünyasını dəyişib. İki ay əvvəl insult keçirən Tofiq Mirzəyevin səhhəti son günlər ağırlaşmış və o, tam sağala bilməmişdi.

1932-ci ildə Azərbaycanın Gədəbəy rayonunda anadan olan Tofiq Mirzəyev ömrünü incəsənətə həsr edib. O, uzun illər Niyazinin rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrində fəaliyyət göstərib, Azərbaycan caz sənətinin əfsanəvi nümayəndəsi Vaqif Mustafazadə, eləcə də Pərviz Rüstəmbəyov, Tofiq Şabanov, “Qaya” vokal instrumental ansamblı və Müslüm Maqomayev kimi sənətkarlarla əməkdaşlıq edib.

Tofiq Mirzəyev musiqi fəaliyyəti ilə yanaşı, Azərbaycan Televiziyasında rejissor kimi də çalışıb. Onun müəllifi olduğu musiqi proqramları və Azərbaycan mədəniyyətinin görkəmli simalarına həsr olunmuş sənədli filmlər ölkənin televiziya tarixində özünəməxsus yer tutur.

Sənətkar aktyor kimi də geniş tamaşaçı rəğbəti qazanıb. O, “Uşaqlığın son gecəsi”, “Cinahsız cəbhə”, “İstintaq”, “Nəsimi”, “Qızı axtarın”, “Mezozoy əhvalatı”, “Təhminə” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.

1994-cü ildən İsrailin Arad şəhərində yaşayan Tofiq Mirzəyev ömrünün sonunadək Azərbaycan mədəniyyətinə və incəsənətinə bağlı qalıb.

Mərhumun dəfn mərasimi bu gün yerli vaxtla saat 17:30-da Arad şəhər qəbiristanlığında keçiriləcək.

Tofiq Mirzəyevin vəfatı Azərbaycan mədəniyyəti üçün ağır itkidir. O, zəngin yaradıcılığı, sənətə verdiyi töhfələr və yetişdirdiyi sənət ənənələri ilə hər zaman hörmət və ehtiramla xatırlanacaq.

Jnews.az saytının kollektivi mərhumun ailəsinə dərin hüzünlə başsağlığı verir, Uca Allahdan rəhmət diləyir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →