Yenilənib: Avqust 12, 2026 4:21 axşam
Azərbaycan Prezidenti İlham Əliyev 10 avqust 2026-cı il tarixli fərmanı ilə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilmiş dəyişiklikləri təsdiqləyib. Bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.
Qəbul edilən dəyişikliklərlə qanunun tətbiq dairəsi genişləndirilib və tənzimlənən ictimai münasibətlərə informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin təmin edilməsi məsələləri daxil edilib. Sənəd beynəlxalq təcrübə və milli qanunvericiliyin təhlili əsasında hazırlanıb.
Yenilənmiş qanunda ilk dəfə olaraq “informasiya infrastrukturu”, “kibertəhlükəsizlik”, “kiberfəza”, “kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT)”, “Milli CERT” və “Dövlət Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi (Dövlət CERT/GOV CERT)” kimi anlayışların hüquqi tərifləri təsbit olunub.
Fərmanla Dövlət Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (Dövlət CERT/GOV CERT) hüquqi statusu qanunvericiliklə təsbit edilir. Mərkəzin idarə olunması üzrə səlahiyyətlər bu sahədə mərkəzi icra hakimiyyəti orqanı olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə həvalə edilib.
Dövlət CERT-in əsas vəzifələri sırasında dövlət informasiya infrastrukturunun kibertəhlükələr, kiberhücumlar və kiberinsidentlər baxımından fasiləsiz monitorinqinin aparılması, təhlükəsiz internet şəbəkəsinin təmin edilməsi, insidentlərin səbəblərinin araşdırılması, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması müəyyən edilib. Mərkəz, həmçinin informasiya təhlükəsizliyi sahəsində proaktiv araşdırmalar aparacaq.
Rəsmi “gov.az” seqmentini təqlid etmək məqsədilə yaradılan saxta domen adlarının aşkar edilməsi və monitorinqi də Dövlət CERT-in funksiyalarından biri olacaq.
Fərmanın icrasının davamı olaraq müvafiq normativ hüquqi aktların hazırlanması nəzərdə tutulub. Bunlara “Dövlət CERT haqqında Əsasnamə” və “Dövlət orqanlarının (qurumlarının), eləcə də mühafizə olunan şəxslərin, mühafizə olunan və strateji obyektlərin informasiya infrastrukturunun informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi Qaydaları” daxildir.
Mənbə: Jnews.az
