Yenilənib: Avqust 12, 2026 2:00 axşam
2026-cı ilin iyun ayında Azərbaycanda mallar və xidmətlər üzrə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul-kredit siyasəti icmalı”nda dərc olunmuş məlumatlarda qeyd olunub.
Mövsümi malların və xidmətlərin, həmçinin qiymətləri dövlət tərəfindən tənzimlənən məhsulların qiymət dəyişiklikləri nəzərə alınmadan hesablanan baza inflyasiyası 2026-cı ilin iyun ayında illik ifadədə 5,5% təşkil edib.
Ən yüksək qiymət artımı ərzaq məhsulları, alkoqollu içkilər və tütün məmulatları seqmentində qeydə alınıb. Bu qrup üzrə illik inflyasiya 7,1% təşkil edib. Ərzaq məhsullarının ümumi inflyasiya səviyyəsinə töhfəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz bəndinə yüksəlib.
Ərzaq məhsulları kateqoriyasında qiymət artımına əsasən meyvələrin, həmçinin süd və süd məhsullarının bahalaşması səbəb olub. İllik ifadədə onların qiymətləri müvafiq olaraq 10,7% və 9,5% artıb.
Qeyri-ərzaq mallarının qiymətləri il ərzində 3,8% artıb. Bu qrupda ən yüksək qiymət artımı zərgərlik məmulatlarında qeydə alınıb. Onların qiyməti 21,7% bahalaşıb.
Mənbə: Jnews.az
