Almaniyanın Augsburg şəhərində dəmiryol vağzalının yaxınlığında naməlum əşyanın partlaması nəticəsində iki nəfər yüngül xəsarət alıb.
Jnews.az xəbər verir ki, hadisə sentyabrın 2-də səhər saatlarında Augsburg Mərkəzi Dəmiryol Vağzalının yaxınlığındakı binanın keçidində baş verib. Partlayış nəticəsində ətrafdakı bəzi pəncərələrin şüşələri də sınıb.
Hadisədən sonra polis ərazini geniş şəkildə mühasirəyə alıb və vağzalda şübhəli əşya aşkarlanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində vağzal müvəqqəti bağlanıb, qatarların hərəkəti dayandırılıb.
Lakin sonradan həmin əşyanın təhlükəli olmadığı müəyyənləşdirilib. Polis vağzalı yenidən istifadəyə açıb və qatarların hərəkəti bərpa olunub.
Partlayan əşyanın nə olduğu və hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Almaniya polisi və Bavariya Kriminal Polisi hadisə ilə bağlı araşdırma aparır.
Bəzi yerli media orqanlarında partlayışın əl qumbarası nəticəsində baş verə biləcəyi barədə məlumatlar yayılsa da, bu versiya rəsmi olaraq təsdiqlənməyib.
