Yenilənib: Sentyabr 2, 2026 1:06 axşam
İranın şimal-şərqində yerləşən Məşhəd şəhərində avtomobilin bir neçə nəqliyyat vasitəsinə və yol kənarında toplaşan insanlara çırpılması nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb.
Jnews.az xəbər verir ki, İran yol polisinin məlumatına görə, hadisə Vəkilabad bulvarında baş verib. Təxminən 35 yaşlı sürücünün idarə etdiyi “Hyundai Genesis” əvvəlcə “Suzuki Vitara” markalı avtomobillə toqquşub, daha sonra yolun kənarında dayanan insanlara çırpılıb.
Polisin bildirdiyinə görə, sürücünün əvvəllər epileptik tutmaları olub və qəza zamanı növbəti tutma nəticəsində avtomobilə nəzarəti itirib. Onun tibbi məhdudiyyətlərlə bağlı xüsusi qeyd olan şərti sürücülük vəsiqəsinin olduğu müəyyən edilib.
Sürücünün sol gözünün görmə qabiliyyətinin olmadığı və yalnız sağ gözü ilə avtomobil idarə etdiyi də bildirilib.
Qəza nəticəsində iki qadın, bir kişi və təxminən 9 yaşlı uşaq hadisə yerində ölüb. Yaralanan 11 nəfər xəstəxanalara çatdırılıb.
İran polisi sosial şəbəkələrdə yayılan bəzi iddiaları təkzib edərək hadisənin qəsdən törədilmədiyini və təhlükəsizlik xarakterli insident olmadığını açıqlayıb. Polis qəzanın sürücünün qəfil səhhət problemi səbəbindən avtomobilə nəzarəti itirməsi nəticəsində baş verdiyini bildirib.
