Rusiyanın Sankt-Peterburq şəhərində hərbçinin və həyat yoldaşının olduğu avtomobil partlayıb. Hadisə nəticəsində hərbçi ölüb, həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib.
Jnews.az xəbər verir ki, hadisə avqustun 27-də səhər saatlarında Kolpinski şosesində, Slavyanka ərazisində baş verib.
“Fontanka”nın məlumatına görə, avtomobili idarə edən şəxs polkovnik-leytenant olub. Cütlük evdən avtomobillə uzaqlaşmağa başladığı zaman, ilkin məlumata görə, maşında kustar üsulla hazırlanmış partlayıcı qurğu işə düşüb.
Partlayış nəticəsində hərbçi hadisə yerində ölüb. Onun həyat yoldaşı isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb və həkimlər onun həyatını xilas etməyə çalışırlar.
Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi cinayət işi açıb. Partlayışın səbəbləri və hadisənin digər halları araşdırılır. Rəsmi qurumlar partlayışın səbəbi barədə hələ yekun məlumat açıqlamayıb.



