Almaniya milli təhlükəsizliyini və kosmik imkanlarını gücləndirmək məqsədilə yaxın illərdə 1200-ə qədər rabitə və müşahidə peykini orbitə çıxarmağı planlaşdırır. Ölkənin indiyədək ən irimiqyaslı kosmik proqramlarından biri hesab edilən layihənin 2030-cu ilə qədər həyata keçirilməsi nəzərdə tutulur. Bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.
Məlumata görə, proqramın əsas hissəsini SPOCK-2 (“Space System for Persistent Operational Tracking”) adlı yeni peyk sistemi təşkil edəcək. Layihə çərçivəsində təxminən 1000 peykdən ibarət qruplaşmanın yaradılması planlaşdırılır. Bu sistem Almaniyanın rabitə, müşahidə və kəşfiyyat imkanlarını əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, ölkənin xarici peyk xidmətlərindən asılılığını minimuma endirməyi hədəfləyir.
Bildirilir ki, layihənin ümumi dəyəri 35 milyard avro qiymətləndirilir. Peyk sisteminin istismarının təmin edilməsi üçün isə hər il əlavə olaraq təxminən 1 milyard avro vəsait tələb olunacaq.
Proqramın həyata keçirilməsində Almaniyanın aparıcı aerokosmik şirkəti OHB əsas iştirakçılardan biri olacaq. Bundan başqa, layihəyə “Airbus Defence and Space”, “Rheinmetall” və müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən “Helsing” şirkətlərinin də cəlb olunduğu bildirilir. Hazırda müxtəlif sənaye konsorsiumları proqramın icrası uğrunda rəqabət aparır.
Mütəxəssislərin fikrincə, bu təşəbbüs Almaniyanın kosmos sahəsində strateji müstəqilliyini gücləndirmək məqsədi daşıyır. Son illərdə geosiyasi vəziyyətin dəyişməsi, xüsusilə də müasir müharibələrdə peyk rabitəsi və kosmik kəşfiyyatın həlledici rol oynaması Berlini bu istiqamətdə investisiyaları artırmağa vadar edib.
Layihənin tam həcmdə reallaşdırılması Almaniyanı dünyanın ən böyük milli peyk operatorlarından birinə çevirə bilər. Bu, həm də Avropanın kosmik təhlükəsizlik və müdafiə imkanlarının genişləndirilməsi istiqamətində atılan ən mühüm addımlardan biri kimi qiymətləndirilir.