İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirdiyini açıqlayıb.
SEPAH-ın yaydığı bəyanata görə, raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə ABŞ-a məxsus ümumilikdə 85 hərbi hədəfi vurulub. Bildirilir ki, zərbələr Küveytdə yerləşən “Ali əl-Salem” aviabazasına, eləcə də Bəhreynin Salman limanında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazasına endirilib.
Bəyanatda həmçinin ABŞ-a məxsus bir ədəd MQ-9 tipli pilotsuz uçuş aparatının vurulduğu iddia edilir.
SEPAH hücumların ABŞ-ın ötən gecə İran ərazisinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyini vurğulayıb.
Bundan əvvəl Bəhreyn və Küveyt rəsmiləri ölkələrin hava hücumundan müdafiə sistemlərinin raket və pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi məqsədilə aktivləşdirildiyini bildirmişdilər.
Xatırladaq ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazından keçən gəmilərə hücumlarına cavab olaraq ölkə ərazisindəki hədəflərə zərbələr endirdiyini açıqlamışdı.
Qeyd edək ki, SEPAH-ın 85 hərbi obyektə zərbə endirməsi və MQ-9 pilotsuz aparatını vurması ilə bağlı məlumatlar hələlik ABŞ Müdafiə Nazirliyi və ya digər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.