Amerika Birləşmiş Ştatları (ABŞ), İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ikinci “Pax Silica” Sammiti çərçivəsində özlərinin ilk üçtərəfli iqtisadi dialoqunu keçiriblər.
Bu məlumatı ABŞ Dövlət Departamenti rəhbərinin müavini Ceykob Helberq açıqlayıb. O, Donald Trampın ilk prezidentlik dövründə imzalanmış “İbrahim Razılaşmaları”nın sülhün iqtisadi rifah üçün yeni imkanlar açdığını göstərdiyini vurğulayıb.
Ceykob Helberqin sözlərinə görə, Trampın ikinci prezidentlik müddətində dövlət katibi Marko Rubionun rəhbərliyi ilə təqdim olunan “Pax Silica” təşəbbüsü ortaq tədarük zəncirləri yaratmaqla ümumi iqtisadi təhlükəsizliyi möhkəmləndirməyi hədəfləyir.
Qeyd edək ki, “Pax Silica” Sammiti hökumət və biznes nümayəndələrinin iştirak etdiyi beynəlxalq forumdur. Tədbirdə yarımkeçiricilər, süni intellekt, rəqəmsal infrastruktur, enerji və investisiya sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunur.
