ABŞ dövlət katibi Marko Rubio İranı Yaxın Şərqdə sabitliyi pozan əsas qüvvə adlandırıb.
O bildirib ki, Vaşinqton Yəməndə fəaliyyət göstərən husi qruplaşmasının Qırmızı dənizdə strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazından keçən ticarət gəmilərinə mümkün hücumları ilə bağlı Səudiyyə Ərəbistanı rəsmiləri ilə intensiv təmaslar aparır.
M. Rubio jurnalistlərə açıqlamasında deyib ki, son bir həftə ərzində bu təhlükə ilə bağlı Səudiyyə Ərəbistanı ilə bir neçə dəfə müzakirələr aparılıb. Onun sözlərinə görə, bu, yeni təhlükə deyil, lakin daha əvvəl də özünü göstərmiş ciddi riskdir.
ABŞ dövlət katibi qeyd edib ki, məsələnin mərkəzində İran dayanır.
Marko Rubio: Bölgədə sabitliyi pozan əsas qüvvədən danışırıqsa, bu, İrandır.
M. Rubionun sözlərinə görə, İran regionda fəaliyyət göstərən silahlı qruplaşmaları maliyyələşdirməklə sabitliyi pozmağa davam edir.
Marko Rubio: Husilər, “Hizbullah”, İraqdakı silahlı qruplaşmalar, HƏMAS – İran öz vəsaitini məhz bunlara xərcləyir. O, öz xalqına deyil, terror təşkilatlarını və regionda sabitliyi pozan qüvvələri dəstəkləməyə pul ayırır.